Necə gedək?

HAVA NƏQLİYYATI

Heydər Əliyev Beynəlxalq Hava Limanı Azərbaycanda xidmət göstərən altı beynəlxalq hava limanından biridir. 2004-cü ildən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şərəfinə adlandırılmış və Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşən hava limanı 2008 – 2009-cu illərdə istismara verilmiş iki ən müasir avtomobil yolu vasitəsilə şəhərlə əlaqələnir. Beynəlxalq hava limanında gömrüksüz ticarət mağazaları (duty free) fəaliyyət göstərir. Üstəlik, bir çox beynəlxalq hava limanlarından fərqli olaraq, uçuş hissəsində olduğu kimi, enmə hissəsində də mağazalar vardır. Plastik kartlarla ödənişlər qəbul olunur və həmçinin ödənişlər nağd şəkildə Azərbaycan manatı, ABŞ dolları, avro və rus rublu ilə həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq standartların tələblərinə cavab verir. Bakı şəhərindəki hava limanı coğrafi mövqeyinə görə Şərqlə Qərb arasında və Şimalla Cənub arasında transfer marşrutlar üçün regionda bir nömrəli hava limanına çevrilmişdir.

Gəl sənə məsləhət verim:

Fiziki məhdudiyyətiniz varsa və ya əlavə ehtiyaclarınız olarsa, zəhmət olmasa aviaşirkətinizə və ya xidmətindən yararlandığınız səyahət agentliyinizə məlumat verin. Siz bu barədə ya biletinizi sifariş edərkən, ya da səyahətinizə yaxın müddətdə etməlisiniz. Amma əmin olun ki, bu barədə məlumatı səyahətinizdən 48 saat əvvəl verəcəksiniz.